Тут меня просили пролить свет на дагестанские говоры азербайджанского. Нашёл интересную статью в дагестанской газете "Дербент".
Два интересных момента. Во-первых говор села Ерси Табасаранского района на фоне остальных говоров дагестанских азербайджанцев резко выделяется (село расположено на периферии азербайджанского ареала). Во-вторых, невероятно сильный татский субстрат в приведённых примерах просто поражает.
AZƏRBAYCAN DİLİNİN DAĞISTAN LƏHCƏSİ ÜZRƏ BƏZİ TƏDQİQATLAR
H. Ömərov, "Dərbənd", №47, 22 noyabr 2013-cü il
Böyük türk dilinin bir hissəsi olan Azərbaycan dili və onun cürbəcür ləhcələri barədə çoxlu tədqiqatlar aparılıb, kitablar, monoqrafiyalar yazılıb, elmi işlər müdafiə olunub. Ancaq mən deməzdim ki, bu işə artıq yekun vurulmuşdur. Mümkündür, mən səhv edirəm, ancaq mənim fikrimcə Azərbaycan dilinin Dağıstan azərbaycanlıları danışan ləhcə üzrə hələ indiyədək ciddi elmi tədqiqatlar aparılmayıb. Bu doğrudan da ciddi və böyük bir işdir, çünki Dağıstan azərbaycanlıları da hamı bir cürə yox, demək olar ki, hər kənd, hər mahal biri-birindən fərqlənən ləhcələrlə danışırlar.
Məsəl üçün, darvaqlı, yersili, zilli, məhrəğalı, muğartılılar bir-birini əla başa düşsələr də onların danışığında təfavüt var. Onlardan ayrıca durur Tərəkəmə mahalının və əsli dərbəndlilərin ləhcəsi. Bu məqalədə mən istərdim ki, Tabasaran rayonunda yaşayan azərbaycanlıların ləhcəsi barədə öz fikirlərimi söyləyim. Apardığım bəzi tədqiqatları oxucularımıza təqdim edim. Qabaqcadan demək istərdim ki, mənim tədqiqatlarımla, bəzi fikirlərimlə oxucu razı olmaya bilər. Bu halda xahişim odur ki, qoy bu mövzu barədə öz tədqiqatları və fikirləri olanlar ya bu məqalənin müəllifinə müraciət etsin və yaxud «Dərbənd» qəzetində öz mülahizələrilə çıxış etsinlər.
1. «Ö» hərfi barədə. Tabasaran rayonunun azərbaycanlıları və habelə Dərbənd rayonunun bəzi kəndlərinin dillərində «ö» hərfi əsla işlənmir. Məsələn, ədəbi Azərbaycan dilində olan öküz, ördək, xörək, gözəl və s. sözlərdə «ö» hərfini «ü» əvəz edir ‒ üküz, ürdək, xürək, güzəl. Bir istisna kimi «dörd» sözünü götürmək olar.
2. «O» hərfi barədə. «Ö» hərfi kimi «o» hərfi də demək olar ki, Dağıstan azərbaycanlılarının əksəriyyətinin dilində istifadə olunmur. «O» hərfi olan sözlərdə bu hərfi «u» əvəz edir. Məsəl üçün: oğlan‒uğlan, otur‒utur, top‒tup, soğan‒suğan, boşqab‒buşqab, bozbaş‒buzbaş, oruc‒uruc, o‒u, on‒un və s.
3. «I» hərfi barədə. Yersi, Darvaq, Zil və mümkündür başqa bir kəndlərin dilində «ı» hərfi də işlənmir. Bu hərfi adətən «i» hərfi əvəz edir. Məsələn, bığ‒biğ, qız‒qiz, qış‒qiş, sığıntı‒siğinti, xırda‒xirdə və s. Bəzi sözlərdə «ı»-nı «u» da əvəz edə bilər. Məsələn, arıq‒aruğ, balıq‒baluğ, qaşıq‒qaşuğ, aşıq‒aşuğ, qarpız‒qarpuz və s.
4. «Ə» hərfi barədə. Ədəbi Azərbaycan dilində danışanda görmək olar ki, «ə» hərfi «e» hərfindən çox da fərqlənmir. Yəni «e»-yə yaxın tələffüz olunur. Dağıstan ləhcəsində isə «ə» hərfi qalın tələffüz olduğuna görə rus dilindəki «ya» hərfinə yaxın düşür. Bu sualda başqa kəndlərə nisbətən yersililərin dili ayrıca durur. İş orasındadır ki, Yersi ləhcəsində «ə» hərfi çox nadir hallarda işlənir. Bu ləhcədə «ə» hərfini incə «e» hərfi əvəz edir. Məsəl üçün, ədəbi Azərbaycan dilindəki «gəldilər» sözündə Darvaq, Zil, Məhrəğa, Zidyan, Bilhədi və s. kəndlərin sakinləri «ə» hərfini daha qalın tələffüz edirlərsə, yersililər incə səsləndirərək «geldiler» deyirlər. Yersi ləhcəsində «ə» hərfi yalnız «q» hərfindən sonra işlənir. Məsələn, qədeh, qərib, qəlçe, qəsd, qəlem, qəlib və s. Istisna: bəli (gilas), bəğirsağ (bağırsaq), bəbəgürd (viran olan).
5. «Ğ» hərfi barədə. Dağıstan azərbaycanlılarının ləhcəsində «ğ» hərfi ədəbi dildə «q» hərfi ilə qurtaran sözlərdə bu hərfi əvəz edir. Məsələn, balıq‒baluğ, aşıq‒aşuğ, çanaq‒çanağ, soyuq‒sovuğ və s.
6. «R» hərfi barədə. Sözün axırında Dağıstan-Azərbaycan dili ləhcəsində «r» hərfi çox kəndlərdə istifadə olunmur. Məsələn, Darvaq, Zil, Məhrəğa və s. kəndlərdə belə deyirlər: gəldilər‒gəldilə, qoydular‒qoydula, vurdular‒vurdula. Məsəl üçün, əgər yersili darvaqlıdan soruşsa ki, «Vay dayi, haburalarda danalar görmüsənmi?», darvaqlı belə cavab verəcək: «Yox, yox, ədəş, buraləda danala yoxdu». (Bu sual-cavab iki kənd sakini arasında ənənəvidir). Yuxarıda gətirilən misaldan görünür ki, yersililər «r» hərfini həm sözün ortasında, həm də axırında tam halda tələffüz edirlər.
7. «Beni» və «bani» sonluğu haqqında. Ədəbi Azərbaycan dilindəki «gələrək», «gedərək», «qaçaraq», «oturaraq» və s. sözlərini Dağıstan Azərbaycan ləhcəsində axırdakı «-ərək», «-araq», sonluqlarını «-bəni» və «-bani» sonluqları əvəz edir: məsəl üçün, «gəlübəni» «gidübəni», «qaçubani», «uturubani». Bu cəhətdə Dağıstan azərbaycanlılarının dili qədim Dədə Qorqudun dilini xatırladır. «Kitabi «Dədə Qorqud»un «Dirsə xan oğlu Buğacın boyunu bəyan edər» adlı hissəsində belə sözlərə rast gəlirik: «Qalxıbanı yigitlərim, yerinizdən uru durun», «Bu yanda bəzirganlar gəlibəni Qara Dərvənd ağzına qonmuşlardı».
8. «Ha» hecası haqqında. Bəzi Azərbaycan kəndlərinin ləhcələrində bir qayda olaraq ya sözün əvvəlində və yaxud cümlənin sonunda «ha» hecasından istifadə olunur. Məsələn: burada–ha burada, nəvaxt‒haçan, bu–habu. Darvaqlılar «ha» hecasından ifadəni gücləndirməkdən ötrü istifadə edirlər. Məsələn: «Puli olmamağa, u yildə bir ev tikədü ha».
Mövzunu yekunlaşdıraraq Yersi kənd ləhcəsini nümayiş etmək niyyətilə bir şeiri oxucuların nəzərinə çatdırmaq istərdim. Şeir tam halda şeir qaydasına uyğun gəlməsə də xalq danışığını olduğu kimi göstərir.
Danişme
Ade, sene men neçe karan dimişem,
Habu xaberde ləğləğ ulma, danişme.
Allahun ver güni çixib uçarda,
Sene çatani, çatmayani de danişme.
Ne «a», ne «b» bilmese de mektebde,
Alim kimik danişesen danşende.
Ay sen de qalmayassan, sennen ulan alim de,
Tut bir havu pux imişvi, danişme.
Vay, ne bilim, Putin dünen bele didi,
Ay ne bilim, Jirinovski şele didi.
Ade, senün neyüvedi ki, kim ne didi,
Çux da yayma baqqaluvi, danişme.
Yaduvdadu büz Uşnardile girende,
Şabur dayi sene yahal degende.
Qizün kimi sesüv ərşe çixende,
Hindi durub quçi-quçi danişme.
Saxlamaysan qibeti gündüz, gece,
Besdü havu bilixvi yiğişdir bice.
Əxir-əvvel çixər birden bir quçi,
Vurar deşer qaqanayvi, danişme.